Bakının yağış kanalizasiya sistemi təkmilləşdirilir
Azərbaycan prezidentinin sərəncamı ilə işçi qrupu yaradılıb.
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, işçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.
Baş nazirin müavini Abid Şərifov, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov işçi qrupunun üzvləri təyin olunublar.
İşçi qrupuna Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etmək və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmək, habelə Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində prezidentə təqdim etmək tapşırılıb.
Eyni zamanda işçi qrupu Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində prezidentə təqdim etməlidir.
Mənbə:> Oxu.az