Azərbaycanda ilanlar niyə oyanıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda ilanlar niyə oyanıb?

Azərbaycanda ilanlar niyə oyanıb?


Azərbaycanda ilanların kütləvi şəkildə ayrı-ayrı ərazilərdə görünməsi təbiətdə gedən proseslərlə, iqlim dəyişikliyi ilə əlaqədardır.

Aznews.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, havaların qeyri-sabit keçməsi ilanların müxtəlif ərazilərdə kütləvi şəkildə görünməsinə səbəb olub:

“Qış yuxusuna getmiş canlılar - istər heyvanlar, istərsə də bitkilər müəyyən siqnaldan, yəni Günəşin parıltısından, torpağın, havanın temperaturundan oyanırlar. Son dövrlərdə əvvəl quraqlıq oldu, sonra yağıntıların miqdarı artdı, daha sonra soyuq, sərt havalar oldu. Bunun ardınca isə havanın temperaturu yüksəldi. İlanlar bu siqnallara çevik reaksiya verə bilmirlər. Bəzi ilanlar elə bilir ki, artıq temperatur yüksəlib, ayılmaq vaxtıdır, dururlar. Bəziləri isə köç edir ki, bu da bir çox insanlara qəribə gəlir. Amma bunda təhlükəli hal yoxdur”.

E.Yusifov qeyd edib ki, ilanlar soyuqqanlı heyvan olduqlarından mühitin temperaturuna uyğun yaşayırlar. Buna görə də ilanlar soyuq havada yatırlar.

İlanların soyuq dövrdə məhv olmamaları üçün yuxulama dövrünə keçdiklərini deyən E.Yusifov əlavə edib ki, artıq noyabrın ikinci dekadasından ilanlar yatmağa başlayacaqlar: “Erkən yazda - Günəş parıltısının artması, torpağın temperaturunun yüksəlməsi onlara siqnal verəcək. Martın ikinci yarısından, yəni 20-dən sonra ilanlar üzə çıxacaqlar”.

E.Yusifov qeyd edib ki, Azərbaycanda ilanların ən çox yayıldığı ərazilər Kür-Araz ovalığı, Haramı düzüdür.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanda ilanların sayının artdığını demək çətindir. Çünki bunun üçün ölkə üzrə, xüsusilə, həmin ərazilərdə monitorinq aparmaq, ilanların sayını, artım dinamikasını müəyyənləşdirmək lazımdır.

İnstitut direktoru ilanların sayının artmasına səbəb olan amilləri də açıqlayıb. Onun sözlərinə görə, ilanların sayının artmasının səbəbi onların yem bazasının-siçanların sayının artması, eyni zamanda, bəzi yerlərdə tikinti işlərinin geniş vüsət alması ilə bağlı ola bilər:

“Bəzən quru, boş bir ərazidə birdən-birə 5-10 bina tikilir. Həmin ərazinin bütün ilanları da başqa yerə qaçırlar. İnsanlarda belə təəssürat yaranır ki, ilanların sayı artıb. Amma onlar həmin ərazidən başqa yerə köçürlər”.

Qeyd edək ki, son günlər Azərbaycanın bəzi rayonlarında ilanların kütləvi şəkildə görünməsi hallarına rast gəlinib.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *