Mağazalarda yumurta qıtlığı yaşanır – VİDEO
Satıcılar qıtlıqdan, alıcılar isə bahalıqdan şikayət edirlər.
Satıcılar qıtlıqdan, alıcılar isə bahalıqdan şikayət edirlər. İndi paytaxtda mağazalarda və bazarlarda kənd yumurtası qıtlığı müşahidə edilir. Bu isə yumurtanın qiymətinin qalxmasına səbəb olur. Hətta bəzi mağazalarda bir ədəd yumurta 30 qəpiyə təklif edilir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən mağazalarda kənd yumurtası qıtlığı yaranıb. Alıcılar deyirlər ki, artıq 1 aya yaxındır ki, mağazalardan kənd yumurtası tapmaq, sözün əsl mənasında, müşkülə çevrilib.
Bu isə öz növbəsində, qiymətlərə təsir edib. Əgər bir ay əvvəl kənd yumurtası mağazalarda 20 qəpiyə təkif edilirdisə, indi 30 qəpiyə satılır.
Satıcılar da bu mövsüm kənd yumurtasının həddindən artıq qıt olduğunu deyirlər. Qiymət artımını da elə bununla əlaqələndirirlər.
Yumurta qıtlığı və bahalaşma bazarlarda da özünü göstərir. Bazarda kənd yumurtası satanlar xeyli azalıb.
Satıcılar deyirlər ki, əgər qıtlıq davam edərsə, qiymətlər daha da bahalaşa bilər. Bu işlə fərdi sahibkarlar pərakəndə formada məşğul olduğundan qıtlığın da hansı səbəbdən yarandığı dəqiq bilinmir.
Mənbə:> Oxu.az