ABŞ səfirliyindən NASA-ya gedəcəyi deyilən gənclə bağlı açıqlama
Sosial şəbəkələrin qəhrəmanına çevrilən Kənan Əhmədli adlı gəncin yalanı üzə çıxıb.
Oxu.Az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama yayıb.
Belə ki, bir neçə gün öncə səfirliyin rəsmi “Facebook” səhifəsində Kənan haqda məlumat paylaşılmış və bu haqda yazılmışdı:
“İstedadlı və gənc azərbaycanlı proqramçı Kənan Əhmədli bu yaxınlarda ABŞ-a NASA-da təcrübə keçməyə yola düşəcək! Kənan proqramlaşdırma və meta-proqramlaşdırma sahəsində çalışır. O, dostu ilə birgə Septini Akademiyasını təsis edib və orada proqramlaşdırılma, kibertəhlükəsizlik və robotlaşdırılma üzrə dərs deyir. 20 yaşında olmağına baxmayaraq, o artıq 23 əsərin müəllifidir və onun məhz elmi-fantastika üslubunda yazılan “Mələk Beyni” adlı əsəri NASA-ya yolunu açıb.
O, kitabında şüuraltı beyinin şüurüstü beyinlə müqayisədə daha güclü olduğunu yazır və bu fenomeni “Mələk Beyni” adlandırır. Buna dair əsərində elmi konsepsiya formalaşdıran Kənan NASA-da təcrübə zamanı bu konsepsiya üzərində çalışaraq süni intellekt və robotlaşdırma sahəsində biliklərini artırmağı planlaşdırır. Biz, Kənana uğur arzu edirik və əminik ki, bu möhtəşəm imkan ona parlaq karyera qurmağa kömək edəcək. Kənanın təcrübəsinin gedişatı barədə məlumatlı qalmaq üçün səhifəmizi izləyin”.
Bu gün isə ABŞ-ın Azərbaycandakı səfirliyi Kənanla bağlı bu sözləri əlavə edib:
“Dostlar, dünəndən etibarən paylaşdığımız hekayə ilə bağlı bir çox şikayət gəldi və Kənan Əhmədlinin NASA-da təcrübə keçmə məlumatının yalnış olduğu iddia olundu. Biz məsələni araşdırdıq və çoxsaylı şikayətləri, həmçinin məsələ ilə bağlı bizimlə paylaşılan məlumatları nəzərə alaraq, o qənaətə gəldik ki, paylaşdığımız məlumat səhvdir.
Bizə məlumat KİV-dən daxil olub və sosial şəbəkələrdə məsələ ilə bağlı yayılan məlumatların doğru olub-olmamasını yoxlamaq bir qədər zaman aparıb. Məsələyə aydınlıq gətirmək üçün kömək edən və bununla bağlı bizə məlumat verən hər bir şəxsə ayrı-ayrılıqda təşəkkür edirik”.
Mənbə:> Oxu.az