Əli Həsənov: Bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyidir » AzNews.info -Xəbər portalı

Əli Həsənov: Bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyidir

Əli Həsənov: Bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyidir


Fevralın 2-də Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizin ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı son vaxtlar kartoqrafik saxtakarlıqların artdığını bildirib. Qeyd edib ki, məhz bu cür saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 2011-ci il 20 aprel tarixli “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və 2012-ci il 18 aprel tarixli “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb.

Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən akademik Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb.

Tədbirdə “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir” mövzusunda məruzə ilə çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, Milli Atlasın redaksiya heyətinin məsul katibi, akademik Qərib Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətini xarakterizə edərək, indiki Ermənistan Respublikası ərazisində olan coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması barədə bir sıra əsaslı dəlillər səsləndirib.

Ölkəmizin informasiya müharibəsində kartoqrafik saxtakarlıqlarla üz-üzə qaldığını vurğulayan akademik “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın bu kimi təhdidlərə tutarlı cavab olduğunu bildirib.

Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir” sözlərini xüsusi vurğulayan akademik Qərib Məmmədov Azərbaycan tarixində indiyə qədər Milli Atlasın olmadığını bildirib, eləcə də “coğrafi atlas” anlayışının müasir təriflərindən, atlasların və atlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışıb, Milli Atlasın əsas funksiyalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra “Azərbaycan Respublikasının Milli Atlasının nəşri dövlətçilik tariximizin mühüm hadisəsidir” adlı məruzə ilə çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Milli Atlas”ın nəşr edilməsi ölkəmizin tarixində təkcə nəşriyyat işi sahəsində əldə olunmuş nailiyyət kimi qiymətləndirilməməlidir. Bu nəşr həm də xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritələrinin əsas mahiyyətindən və əhəmiyyətindən danışaraq görülən işləri müsbət dəyərləndiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov hər iki nəşrin tarixi əhəmiyyətindən danışıb, onların məzmun zənginliyini və tərtibatını yüksək qiymətləndirib.

Əli Həsənov bildirib ki, tədqiq olunmuş məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsində yeni inkişaf mərhələsinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir. Prezidentin müstəsna xidməti və himayəsi sayəsində 2003-cü ildən indiyədək respublikada 200-dən çox xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair atlaslarını qeyd etmək yerinə düşər.

Son 10 ildə dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri ictimaiyyətə məlumdur. Bu sahədə indiyədək həyata keçirilən işlərin mahiyyətini azaltmadan demək olar ki, kartoqrafiyanın şah əsəri bu gün təqdimatı keçirilən Milli Atlasdır.

Bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Bu nəşrdə Azərbaycanın mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər bilgilər toplanıb. Atlasdakı qiymətli elmi məlumatlar, 1000-ə yaxın xəritə, diaqram və cədvəllər, arayışlar, qrafik və illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *