Qazaxda 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilmişdir
AzNews.info xəbər verir ki, Qazax rayon E. Hüseynov adına Mərkəzi Kitabxana Oxu zalında 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirdi. Tədbirdə mədəniyyət işçiləri və fəal oxuculardan bir qrup iştirak etdi.
Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan direktor Solmaz Babanlı qeyd etdi ki, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verərək Azərbaycanın müstəqilliyinin bərpasına nail oldu. Bundan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi. S. Babanlı Azərbaycanın Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" 11 oktyabr 2016-cı il tarixli Sərəncamının əhəmiyyətindən danışdı.
Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Elmira Mehdiyeva mövzu ilə bağlı məruzə etdi.
Yuxarı Salahlı kənd kitabxana filialın müdiri Tamam Cəfərova, Oxuculara xidmət şöbəsinin müdiri Həcər Hadıyeva, fəal oxucu Jalə Cəfərova çıxışlarında bildirdilər ki, 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi.
Sonda tədbir iştirakçıları “Ucalan bayraqlı Azərbaycanım” adlı sərgiyə baxdılar.
Mənbə:> AzNews.info