Bakının rayon icra hakimiyyətlərindən yağışla bağlı açıqlama: Problem yoxdur
Ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışın yağması paytaxtın əksər rayonlarında fəsadlar yaradıb.
Aznews.info xəbər verir ki, “Report” rayonlarda yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirləri öyrənmək üçün rayon icra hakimiyyətlərinə sorğu ünvanlayıb.
Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini Vaqif Həsənov bildirib ki, yağış yağan zaman adətən əhalinin mütəmadi istifadə etdiyi gediş-gəliş yerləri RİH-in daxili imkanları hesabına sulardan təmizlənir:
“Bundan başqa, bu kimi hallarda icra hakimiyyətinın fövqəladə hallar komissiyası da hazır vəziyyətdə olur. Ümumilikdə isə intensiv yağışla bağlı bizə hansısa şikayət daxil olmayıb”.
Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov isə qeyd edib ki, şəhərin mərkəzində yağış suları ilə bağlı heç bir problem meydana gəlməyib:
“Çünki mərkəzi ərazilərdə kanalizasiya sistemləri yeni qurulub. Digər ətraf ərazilərdə də heç bir problem müşahidə olunmayıb”.
Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil kommunal Təsərrüfatı birliyinin rəisi Elman Yəhyayev səhər tezdən bəzi ərazilərdə müşahidə apardığını və heç bir problem olmadığını deyib: “Bildiyiniz kimi, 4-cü və 9-cu mikrorayonlardan dağın yamacından axan sular keçir, lakin yenə də heç bir problem yaşanmayıb. Çünki həmin ərazilərdə quraşdırılan kanalizasiya sistemləri işləkdir”.
Sabunçu Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bəzi qəsəbələrdə müəyyən problemlər yaranıb və aradan qaldırılması üçün aidiyyəti qurumlara məlumat verilib.
Problemlərin daha çox yaşandığı Binəqədi Rayon İcra Hakimiyyətindən isə adəti üzrə zənglərə cavab verən olmayıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, oktyabrın ikinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.
Sosial şəbəkələrdə isə yağışın yaratdığı problemlərlə bağlı yüzlərlə foto və videolar paylaşılıb.
Mənbə:> Report.az