Polis yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, güclü yağış səbəbindən bu gün səhər saat 07:30-dan saat 09:00-dək paytaxtın mərkəzi küçələrində nəqliyyatın sıxlığı yaşanıb.
Bu sıxlığın yaranmasına səbəb yağış sularının yaratdığı gölməçələr olub. Xüsusən, Keşlə qəsəbəsinin çıxışında çirkli su gölməçəsinin yaranması Babək prospektindən nəqliyyatın şəhərə girişinə bəzi çətinliklər yaradıb. Bəzi avtomobillərin mühərriki sıradan çıxıb. Hazırda paytaxtın bütün küçə və prospektləri yol polisi əməkdaşlarının nəzarəti altındadır. Şəxsi heyət ərazi üzrə yollarda xidmət aparır. Hazırda paytaxt yollarında vəziyyət normaldır, nəqliyyatın hərəkətində problem yoxdur.
Hava şəraiti ilə əlaqədar paytaxt ərazisində maddi zərərlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.
Vaqif Əsədov deyib ki, belə havada texniki cəhətdən saz vəziyyətdə olan avtomobillər idarə edilməlidir. Avtomobillərin surəti minimuma endirilməli, ara məsafəsi normadan artıq olmalıdır. Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənləri, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasaz olan avtomobillə yola çıxmaq təhlükəlidir.
Piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər.
V.Əsədov xüsusi vurğulayıb ki, sürücülər və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər.
Mənbə:> Oxu.az