"Ümid edirik, Bakıda ot rənglənməyəcək"
Supersport.Az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo Bakıda sualları cavablandırıb.
Qarşılaşma öncəsi Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında Hoqmo əvvəlcə fikrini açıqlayıb.
“Bakıda yenidən olmağımıza görə xoşbəxtik. İki il əvvəl də burda rəsmi oyunda iştirak etmişdik. Azərbaycanda futbolun inkişafı bizi ancaq sevindirir. Məlumatımız var ki, yığmanız Avropa Liqasında çıxış edən futbolçulardan qurulub”.
– Coşua Kinqin durumu necədir?
– Yaxşıdır, sabahkı oyuna hazırdır.
– Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?
– Rəqibə qalib gəlmək istəyirik. Son oyunumuz qolsuz bərabərliklə bitmişdi. Sabah uğurlu nəticəyə ümid edirik.
– 68 min tutuma malik arenada çıxış edəcəksiniz. Bundan əvvəlki görüşü isə 8-ci km qəsəbə stadionunda keçirmişdiniz. Arenaların tutum fərqinin sizin üçün bir fərqi varmı?
– Stadion çox gözəldir. Sabahkı görüşün bu stadionda olacağına seviniriq. Ümid edirik ki, sabah ot rənglənməyəcək. Çünki son görüşdə bu halla üzləşmişdik.
– Son oyunda qarşılaşdığınız Azərbaycan yığması ilə indiki arasında hansı fərqləri görmüsünüz?
– Komandada inkişaf göz önündədir. Yeni məşqçi artıq iki ildi yığmaya rəhbərlik edir. Əksər oyunçular “Qarabağ”ın formasını geyinir. Bu klub da Avropa Liqasında mübarizə aparır.
– Bakıya çarter reysi ilə gəlmisiniz və bu, narazılıqla qarşılanıb. Düşünmürsüz ki, məğlub qayıtsanız, daha böyük narazılıq yarana bilər?
– Bu, mənim üçün yeni məlumatdır. Ümid edirəm ki, həmin təyyarə bizi Bakı Hava Limanında gözləyir.
Mənbə:> Supersport.az