Azərbaycan Avropa və Asiyanın hava məkanlarını birləşdirəcək – FOTO
Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanının Optimizasiyası Mərkəzi - “Azerbaijan Airspace Supervision & Efficiency Centre” (ASEC) inşa ediləcək.
Oxu.Az xəbər verir ki, müvafiq sazişi “Azərbaycan Hava Yolları” QSC və Fransanın “Thales” şirkəti imzalayıb.
Layihə hava hərəkətinə xidmət (ATM) və hava hərəkəti axınının təşkili (AFTM) sisteminin tətbiqi çərçivəsində “Eurocontrol” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanının Optimizasiyası Mərkəzi Brüsseldə yerləşən Avropa və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə mərkəzləri (CFMU) arasında hava məkanı axınının əsas planlaşdırma mərkəzi olacaq.
Asiya və Çin bazarlarının sürətli tempi, eləcə də Azərbaycanın strateji mövqeyi həm daxili, həm də tranzit marşrutlarının artmasına kömək edir ki, bununla əlaqədar olaraq ölkəmizə bütün regionda hava axınının təşkili işində mühüm rol ayrılır.
Öz növbəsində, İCAO-nun qlobal aeronaviqasiya planının tələblərinin həyata keçirilməsi gələcəkdə hava hərəkəti axınının artmasına müsbət təsir göstərəcək.
Mənbə:> Oxu.az


