ANS-in şikayəti üzrə məhkəmə prosesinin vaxtı açıqlanıb
“ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçiriləcək proses sentyabrın 21-nə təyin edilib.
Xatıradaq ki, ötən prosesdə ANS-in yeni vəkili Fuad Ağayev ərizə verərək məhkəmə iclasının təxirə salınmasını istəyib.
Vəkil ANS-in onunla yenicə müqavilə bağladığı üçün işlə tanış olmadığını deyərək məhkəmədən vaxt istəyib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.
Mənbə:> Report