Azərbaycanda “Avropa İrs Günləri” layihəsinin qeyd edilməsi münasibətilə açıq hava konserti təşkil olunacaqdır
AzNews.info xəbər verir ki, 17 sentyabr 2016-cı il tarixdə Bakıda ilk dəfə olaraq “Avropa İrs Günləri”nin qeyd edilməsi münasibətilə Bakı şəhərinin mərkəzində - “Fəvvarələr Meydanında” Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərlərinin yerli və xarici turistlər arasında təbliği, eləcə şəhər sakinlərinin istirahət günlərində asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin açıq havada konserti təşkil olunacaqdır.
Nəzərdə tutulmuş proqrama əsasən konsertdə dahi Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə, Vasif Adigözəlov, Fikrət Əmirov və başqalarının dünya şöhbrətli əsərlərindən parçalar səsləndirəcək, “Avropa İrs Günlərinin“ konsepsiyasına uyğun olaraq, klassik Avropa bəstəkar musiqilərinin tanıdılması məqsədilə Volfqanq Amadey Mosart, Astor Piazzolo və Leroy Andersonun əsərlərinə yer veriləcəkdir. Drijorluğu Fərhad Yusifbəyli tərəfindən həyata keçiriləcək konsertdə, bir sıra beynəlxalq musiqi festivalları laureatları Samirə Cəlilova, Arzu Əliyeva və Taleh Yəhyayevin ifasında vokal nömrələri də səsləndiriləcəkdir. Konsertin bədii rəhbəri Azərbaycan xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.
Konsert proqramı 17 sentyabr 2016-cı il tarixində saat 18.30-da başlayacaqdır.
Mənbə:> AzNews.info