Azərbaycan komandaları Şahmat Olimpiadasını medalsız başa vurub
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun görüşləri başa çatıb.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas milli Türkmənistanla qarşılaşıb.
Qarşılaşma əsas yığmanın üstünlüyü ilə başa çatıb. İkinci komanda Boliviyadan güclü olub. Üçüncü yığma isə Albaniya ilə sülh bağlayıb.
Qadınlardan ibarət əsas yığmanın son rəqibi Malayziya olub. Görüşün sonunda azərbaycanlı şahmatçılar qələbəyə sevinib. İkinci komanda İranla qarşılaşıb və məğlubiyyətə uğrayıb. Üçüncü milli isə Makedoniyanı məğlub etməyi bacarıb.
Kişilərdən ibarət “Azərbaycan 1” komandası Olimpiadanı 15 xalla 12-ci, “Azərbaycan 2” 14 xalla 26-cı, “Azərbaycan 3” isə 13 xalla 49-cu yeri tutub.
Olimpiya çempionu adını 20 xalla ABŞ qazanıb. Eyni xala malik Ukrayna 2-ci, 18 xalı olan Rusiya 3-cü yeri tutub.
Qadınlardan ibarət “Azərbaycan 1” komandası 16 xalla 8-ci yeri tutub. 13 xala malik “Azərbaycan 3” Olimpiadanı 30-cu, eyni xalı olan “Azərbaycan 2” isə 32-ci pillədə tamamlayıb.
Çin yığması 20 xalla olimpiya çempionu olub. 17 xala malik Polşa ikinci, Ukrayna üçüncü olub.
Mənbə:> Oxu.az