Azərbaycanda Qurban bayramı qeyd olunur
Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir.
Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün iki cüt qara qoç göndərir.
Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər.
Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.
Müqəddəs bayram münasibətilə paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində də qurbanlar kəsilir.
Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar Azərbaycanda senytabrın 12-ü və 13-ü qeyri-iş günüdür.
Oxu.Az kollektivi müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir!
Mənbə:> Oxu.az