Azərbaycanda ana ölümlərinin səbəbləri açıqlandı
Səhiyyə Nazirliyi Azərbaycanda ana ölümlərinin ilkin səbəblərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova APA-ya açıqlamasında deyib ki, ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür.
O bildirib ki, bir qrup səbəb hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir:
“Məsələn, anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir”.
S.Məmmədovanın sözlərinə görə, ikinci qrup səbəb yalnız hamiləliklə əlaqəlidir və yalnız hamiləlik vaxtı üzə çıxır:
“Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür.
Araşdırma zamanı məlum olur ki, hamilə qadınlar və onların yaxınları əksər hallarda hospitalizasiyadan imtina edirlər və nəticədə təəssüf ki, bədbəxt hadisə baş verir”.
S.Məmmədova qeyd edib ki, müvafiq təlimatlara uyğun olaraq, hər bir ana ölümü halı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim edilir:
“Qısa bir müddətdə mütəxəssislərə təhlilə təqdim edildikdən sonra, zəruri hallarda əlavə mütəxəssis rəylərinə verilir”.
Mənbə:> Oxu.az