Qanuni oğrular Lənkəranskinin dəfninə buraxılacaqmı?
Ötən gecə İstanbulda güllələnən Rövşən Lənkəranski ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyevin cənazəsinin özəl təyyarə ilə Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi bildirilir.
Azərbaycan Daxil İşlər Nazirliyi isə Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsini şərh etmir. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə, bunu o ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla belə, Ehsan Zahidov onda Rövşən Canıyevin öldürülməsinə dair rəsmi məlumatın olmadığını deyib.
DİN rəsmisi Azərbaycanda heç bir qanuni oğrunun olmadığını da əlavə edib: “Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir qanuni oğru tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevin öldürülməsinə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə qoy onlar özləri araşdırsınlar”.
Rövşən Canıyevin dəfnində qanuni oğruların mümkün iştirakına gəldiksə isə Ehsan Zahidov bu variantı istisna edib. Bildirib ki, bütün qanunazidd hərəkətlərin qarşısı alınacaq. “Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur və ölkəyə gələn şəxslərin kimlikləri, onların məqsədləri dəqiqləşdirilir”, - DİN rəsmisi bildirib.
Qeyd edək ki, Rövşən Lənkəranskinin cənazəsinin vətənə gətirildiyi ilə bağlı xəbərlər yayılsa da, xəstəxana onun reanimasiyada həkim nəzarəti altında olduğunu bildirmişdi.
Mənbə:> Virtualaz.org