Çimərliklər yoxlanılır: Tədbirlər Planı hazırlanacaq
Respublika ərazisində çimərliklərin vəziyyəti öyrəniləcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib.
2016-cı ilin 15 iyul tarixində aidiyyəti mərkəz və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə “Azərbaycanda çimərliklərinin mövcud vəziyyəti və inkişafı” mövzusunda keçirilən müşavirədə əldə olunan razılığa uyğun olaraq, çimərlik ərazilərində mövcud vəziyyətin öyrənilməsi, eləcə də bu sahədə fəaliyyətin koordinasiyası, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, ictimai çimərliklərin yaradılması və işinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə İşçi qrupu yaradılıb.
İşçi qrupunun tərkibinə mədəniyyət və turizm, fövqəladə hallar, iqtisadiyyat, səhiyyə və ekologiya üzrə aidiyyəti nazirliklərinin, eləcə də Bakı, Sumqayıt şəhərləri və Qaradağ, Səbail, Sabunçu, Binəqədi, Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri daxildir.
İşçi qrupu müəyyən olunmuş qrafikə uyğun olaraq, artıq Sumqayıt şəhəri və Binəqədi rayonunun ərazisində yerləşən çimərliklərə birgə baxış keçiriblər. Növbəti bir neçə gün ərzində İşçi qrupu tərəfindən Bakı və Abşeron ərazisində yerləşən çimərliklərə baxış keçirilməsi davam etdiriləcək.
Qeyd edirik ki, çimərliklərin mövcud vəziyyəti öyrənildikdən sonra Azərbaycanda çimərliklərin inkişafına dair Tədbirlər Planının hazırlanması ilə bağlı İşçi qrupu tərəfindən Hökumətə müvafiq təkliflər təqdim olunacaq.
Mənbə:> Oxu.az