Heydər Əliyev Fondu aktyorun müalicə xərclərini öz üzərinə götürdü
Heydər Əliyev Fondu böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyor Rəhim Rəhimovun əməliyyat və müalicə xərclərini öz üzərinə götürüb.
AzNews.info xəbər verir ki, bu barədə Report-a Rəhim Rəhimov məlumat verib.
Aktyor qeyd edib ki, əməliyyat xərclərinə kömək göstərilməsi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevaya məktubla müraciət edib:
“Məktubuma müsbət cavab verilib. Əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Məktubuma diqqətlə yanaşdığına və göstərdiyi köməkliyə görə Mehriban xanıma təşəkkür edirəm. Əməliyyatın sentyabrda olması nəzərdə tutulub. İndi növbəmi gözləyirəm”.
R.Rəhimov bildirib ki, hazırda müalicəsi davam edir və əvvəlki vaxtlarla müqayisədə əziyyəti normaldır:
“Həkimlərin məsləhəti ilə gəzintiyə çıxıram. Hətta həkimlər işə çıxmağıma icazə verib və sentyabrda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qayıdacam”.
Aktyor bildirib ki, həkim ona bəzi məhdudiyyətlər də qoyub:
“Mənə çevik hərəkətlər etmək, tərləmək, ağır iş görmək qətiyyən olmaz. Səhnədə çevik hərəkətlər etmək və tərləmək həmişə olur. Amma çalışacam ki, yüngül hərəkətlər tələb edən tamaşalarımdan oynayım”.
Qeyd edək ki, xəstə olduğu müddətdə ona bütün teatrların kollektivlərinin baş çəkdiyini deyən R.Rəhimov onu unutmayanlara təşəkkürünü bildirib.
Mənbə:> Report