Şəmkirdə keçmiş polis işçisi özünü başından güllələdi
Şəmkirdə əvvəllər Rusiya Federasiyasında polis işləyən odlu silahla başına atəş açaraq intihar edib.
Oxu.Az-ın Report-a istinadən məlumata görə, avqustun 12-də saat 17 radələrində Cahangir Rüstəmov küçəsi ev 18-də yaşayan 1959-cu il təvəllüdlü Qafqaz İsgəndərov evinin həyətində başına “Revolver” tipli silahdan atəş açaraq özünü öldürüb.
Xəbərə görə, bir neçə ildirki bəzi səbəblərdən ailəsindən ayrılan və tənha yaşayan Q.İsgəndərov uzun müddətdir ürək xəstəliyindən də əziyyət çəkirmiş.
Yaxınlarının hüquq-mühafizə orqanlarına verdiyi məlumata görə, qapalı həyat sürən Q.İsgəndərovun iki övladı var.
O, intihar etdiyi vaxtdan bir neçə saat əvvəl qonşusu olan qardaşı ilə birgə bazara gedərək, avqustun 13-də atalarının il mərasimini qeyd etmək üçün bazarlıq ediblər. Q.İsgəndərov bazardan qayıtdıqdan sonra evinə gedərək, mənzilində saxladığı köhnə “Revolver” tipli tapança ilə başına atəş açaraq intihar edib.
Q.İsgəndərov əvvəllər Rusiyada yaşayıb və bir müddət orada polis əməkdaşı işləyib. Daha sonra ürəyində yaranan xəstəlik səbəbindən işdən çıxaraq Şəmkir rayonuna qayıdıb.
Baş vermiş hadisə ilə bağlı Şəmkir Rayon Prokuroluğunda Cinayət Məcəlləsinin 125 -ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> Oxu.az