Kolleclərdə boş qalan yerlərə keçirilən müsabiqənin nəticələri açıqlandı
Qəbul olanlar avqustun 10-dan 16-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini elan edib.
Oxu.Az-a TQDK-dan verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, boş qalan 2698 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3113 abituriyent ərizə təqdim edib. Onlardan 2122 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 10-da “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunacaq.
Qəbul olanlar avqustun 10-dan 16-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.
Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Mənbə:> Oxu.az