Ödənişli təşviqata qoşulmaq istəyən KİV-lərin nəzərinə – ELAN
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendum qabağı təşviqat aparmaq məqsədilə üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində ödənişsiz efir vaxtı və dərci üçün yer ayrılacaq.
Bu barədə Oxu.Az-a Mərkəzi Seçki Komissiyasından (MSK) xəbər verilib.
Məlumata əsasən adı çəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları referendum qabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Mənbə:> Oxu.az