Nazir: “Petkim”də aparılan yoxlamaların SOCAR-la heç bir əlaqəsi yoxdur
“İnvestisiya layihələrinin icrası qrafikə uyğun davam edir”.
Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev tədbirdən sonra Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində nazir Berat Albayrakla görüşüb.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, görüşdə nazir SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrin gedişi və Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə maraqlanıb.
Görüşdə SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə də TANAP və STAR layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən nazir, bu layihələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən “Petkim”də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri B.Albayrak SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini bir daha nəzərə çatdırıb. Görüşdə Türkiyədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin bır sıra aspektləri də müzakirə olunub.
Mənbə:> Oxu.az