Xarici diplomların tanınmasında yenilik olacaq
Xaricdə təhsil alan azərbaycanlıların təqribən yarısının diplomu Azərbaycanda tanınmır.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən fins.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2007-2016-cı illər ərzində diplomların tanınması ilə bağlı Təhsil Nazirliyinə 20 min 520 müraciət daxil olub. Bu müraciətlərin təqribən 55%-i müsbət cavablandırılıb.
Ən problemli ölkələr hansılardır?
Qeyd edək ki, diplomların tanınması Təhsil Nazirliyinin qəbul etdiyi qaydalar əsasında həyata keçirilir. Belə universitetlərə qarşı müəyyən tələblər var. Məsələn, nazirlikdən bildirilib ki, ərazisində yerləşdiyi ölkə tərəfindən tanınan, müvafiq lisenziya və akkreditasiyaya malik xarici universitetlərin diplomları ölkəmizdə tanına bilər.
Tanınmasından imtina olunan diplomlar əsasən, MDB ölkələrindəki universitetlərin verdiyi sənədlərdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev açıqlamasında bunu həmin ölkələrdə təhsil alan gənclərin təhsil keyfiyyətinin aşağı olması ilə izah edib:
“Diplomların tanınması prosesində biz hər kəsə fərdi yanaşaraq oxuduqları müddətdə dərslərdə iştirakı və aldığı təhsilin keyfiyyətini araşdırırıq. Avropa ölkələri, Türkiyə və digər ölkələrin diplomlarının tanınması ilə bağlı ciddi problem yaşamırıq. Ən çox MDB ölkələrinin universitetlərinin verdiyi diplomlardan imtina edilib. Araşdırmalar zamanı məlum oldu ki, həmin tələbələrin orada dərsə davamiyyəti normativlərə cavab vermir”.
Diplomlar nəyə əsasən tanınır?
Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması (nostrifikasiya) hələ ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müddəaları” (http://e-qanun.az/framework/1313) əsasında aparılır.
Xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi isə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası” və təhsil nazirinin 14 fevral 2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a (http://edu.gov.az/az/page/299/7979 ) uyğun həyata keçirilir.
Qaydaların 1.7 bəndinə əsasən, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.
Eyni zamanda xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərindəki yeri, TQDK-nın keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır. Diplomlar tanınarkən, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərindəki yeri də nəzərə alınır.
Diplomların tanınmasında yenilik olacaq
Yaxın vaxtlarda isə diplomların tanınmasında yenilik gözlənilir. Samir Vəliyev bildirdi ki, bununla bağlı yeni qaydalar layihəsi hazırlanıb:
“Yeni qaydalara əsasən, xarici ölkələrdə fəaliyyət göstərən 500 ali təhsil müəssisəsinin siyahısı hazırlanıb. Həmin siyahıda adıçəkilən universitetlərin diplomu tanınacaq. Siyahıda olmayan ali məktəbi bitirənlər isə TQDK-nın xətti ilə xüsusi qaydada imtahan ediləcək”. Layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib.
Distant təhsil, ümumiyyətlə tanınmır
Xarici universitetlərdə distant yolla təhsil alan tələbələrin diplomları birmənalı olaraq tanınmır. S.Vəliyev bunu həmin təhsil formasının ekvivalentliliyinin, diplomun tanınma mexanizminin olmaması ilə izah etdi.
Diplomun tanınması nədir?
Xaricdə təhsil alıb geri dönən gənclər əllərindəki diplomla işə düzəlməyi, həyatlarını dəyişməyi planlaşdırırlar. Ancaq diplomun tanınması məsələsi ortaya çıxandan bu istəklərinə tez nail olmaları çətinləşib. Bəzən isə bu, ümumiyyətlə, mümkün olmur.
Xaricdəki təhsil müəssisələrinin verdiyi diplomları Təhsil Nazirliyi tanımazsa, həmin şəxs burda təhsilini yuxarı pillələrdə davam etdirə bilməz. Beləliklə, elmi araşdırmalarla məşğul olması da əngəllənir.
Diplomu tanınmayan şəxs ali təhsilli vətəndaş kimi işə qəbul edilmir. Beləliklə, 4 il vaxt və xərclənən külli miqdarda vəsait batır. Ona görə də S.Vəliyev xaricə təhsil almağa gedərkən bu məsələlərə diqqət yetirməyi tövsiyə edir.
Mənbə:> Oxu.az