Vergilər nazirinin müavini: Supermarketlər az qazanacaqlar
Narazı supermarket sahibləri az qazanacaqları ilə barışmalıdırlar.
Oxu.Az xəbər verir ki, bunu virtulaz.org-a eksklüziv açıqlamasında bir müddət əvvəl bəzi supermarket rəhbərlərinin əlavə dəyər vergisinin (ƏDV) azaldılması ilə bağlı müraciətini şərh edərkən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Mən onları başa düşürəm, onlar indi də əvvəllər qazandıqları qədər qazanmaq istəyirlər. Halbuki ölkədə hamının gəlirləri azalıbsa, supermarket sahibləri də az qazanacaqlarını sakitcə və anlaşıqla qəbul etməlidirlər.
Supermarket sahibləri ƏDV-nin aşağı salınmasını istəyirlər. Belə çətin iqtisadi mərhələdə o güzəşti necə etmək olar?
Hərbçilərin, müəllimlərin və həkimlərin maaşından kəsib bu yolla qənaət edilən vəsaiti supermarketlərə verək? Onlar bunu istəyirlər?
Vergilər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bəyan edib, özü də dəfələrlə. Əlbəttə, əgər Milli Məclis müvafiq qərar qəbul edərsə, Vergilər Nazirliyi onu yerinə yetirəcək. Yəni güzəşt bizə aid olan məsələ deyil.
Supermarket sahibləri ilə dialoq? Biz onlarla əlaqə saxlayır, görüşlər keçiririk. Başa salmağa çalışırıq ki, dünyanın heç bir ölkəsində supermarketləri vergidən azad etmirlər.
Hansısa supermarketlər bağlanır, hansılarsa açılır. Mənə elə gəlir ki, onların sayı son vaxtlar hətta artıb. Məsələn, bu yaxınlarda Belarus məhsulları mağazası açılıb. Hər şey normaldır”.
Mənbə:> Oxu.Az