Şəhidimizin başdaşını Tolik qoyduracaq
Prodüser Tarix Əliyev (Tolik) aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbirdaşının qoyulmasıyla bağlı xərcləri öz üzərinə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Tolik sosial şəbəkədə yazıb.
O bildirib ki, E.Mirzəyevə mərmərdən başdaşı qoymaq fikirindədir:
“Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbirdaşı qoyduraram. Allah Vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin”.
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Elvin Mirzəyevin ailəsi ilə əlaqə saxlayıb. Şəhidin qardaşı Namiq Mirzəyev bildirib ki, prodüser Tolikin müraciətinə bu gün cavab veriləcək:
“Biz onunla telefonla danışdıq. Mən ata-anamın rəyini almadan bununla bağlı qərar verə bilmərəm. Digər bir tərəfdən bu gün Xaçmaz Rayon İcra Hakimiyyətində şəhidlərlə bağlı tədbir var. Gözləyək görək, aidiyyəti qurum nə cavab verəcək”.
Məsələ ilə əlaqədar Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən bildirdirlər ki, şəhid Elvin Mirzəyevin medalı bu gün onun ailə üzvlərinə təqdim olunacaq.
Qurumdan onu da qeyd ediblər ki, hazırda Müdafiə Nazirliyinin nümayəndələri Xaçmazdadır:
“Yəqin ki, qəbrin düzəldilməsi məsələsi də müzakirə olunacaq. Bu, nəzərdə tutulub. Əgər vətəndaş hər hansı bir arzu ilə çıxış edirsə, bu, onun istəyidir. Şəhid ailələrinə yardım edən o qədər iş adamları, imkanlı şəxslər var ki... Xeyriyyəçi insanlara yol hər zaman açıqdır”.
Qeyd edək ki, Elvin Mirzəyev aprel döyüşlərində şəhid olub. O vaxtdan aylar keçməsinə baxmayaraq, hələ də şəhidə başdaşı qoyulmayıb.
Mənbə:> Oxu.Az


