Ermənilər Nadirin “Maral”ını oğurladı – VİDEO
Müğənni Nadir Qafarzadənin ifasında sevilən “Maral” mahnısı erməni ifaçılar tərəfindən oğurlanıb.
Oxu.Az xəbər verir ki, müğənnilər Tiqran Asatryan və Andy adıçəkilən mahnını erməni dilində oxuyaraq klip çəkdiriblər.
“Tanem-tanem” adlanan bəstə artıq “YouTube” şəbəkəsində xeyli baxış sayı yığıb.
Oxu.Az-ın əməkdaşı sözügedən məsələ ilə bağlı Nadir Qafarzadənin fikirlərini öyrənib:
“Açığı bunu indi sizdən eşitdim və baxdım. Bu, bədxahların bizə qarşı etdiyi növbəti təxribatdır. Onlar Azərbaycanın “Sarı gəlin” kimi gözəl əsərini öz adlarına çıxarmaq istəyirdilər. Yəni ermənilərdən bunu gözləmək olar.
Hətta bu mahnının şərh hissəsinə də “Maral” yazıblar. Heç kimə sirr deyil ki, bu mahnı mənim ifamda sevildi və Azərbaycanda izləmə sayına görə rekord qırdı. Ölkəmizdə heç bir müğənninin mahnısı “YouTube”də “Maral” qədər dinlənilməyib. Bu, ifaçı kimi məni sevindirir. Ermənilərin mənim mahnımı oxumasını isə yaxşı qarşılaya bilməzdim”.
Qeyd edək ki, N.Qafarzadə “Maral” mahnısını 2013-ci ildə ifa edib.
Mənbə:> Oxu.Az