Azərbaycan və Latviya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Latviya kənd təsərrüfatı sahəsində əməkdaşlıq və biznes əlaqələrinin inkişafı barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu sahədə əməkdaşlıq üzrə müvafiq protokol Azərbaycan Respublikası və Latviya Respublikası arasında İqtisadi, Elmi, Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında imzalanıb.
Qeyd edək ki, tədbirdə Azərbaycanı ölkənin nəqliyyat naziri Ziya Məmmədov, Latviya tərəfini isə bu ölkənin nəqliyyat naziri Uldis Auqulis təmsil ediblər.
Görüşdə xüsusilə süd məhsulları sahəsində əlaqələrin möhkəmləndirilməsi potensialını, həmçinin kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində ikitərəfli ticarətin artımı potensialını vurğulayan tərəflər, bu sahədə əməkdaşlığı genişləndirmək məqsədilə Latviyanın üzv olduğu Avropa İttifaqının (Aİ) tələblərinə əsasən qanunvericiliyin uyğunlaşdırılması, həmçinin Aİ tələblərinin tətbiq olunması üçün Azərbaycan mütəxəssislərinə təlimlərin keçirilməsi, fermer təsərrüfatı üçün məsləhət sistemi və kənd təsərrüfatı rayonlarının balanslaşdırılmış inkişafı, fitosanitariya laboratoriyalarının imkanlarının genişləndirilməsi, ərzaq təhlükəsizliyi və heyvan xəstəliklərinin diaqnozunun aparılması barədə razılığa gəliblər.
Təfərlər həmçinin Azərbaycanda süd məhsulları emal edən birgə müəssisələrin yaradılması imkanlarının araşdırılması barədə razılıq əldə ediblər.
Mənbə:> Oxu.Az