Azərbaycan və Latviya Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
İyunun 15-də Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Respublikası və Latviya Respublikası arasında İqtisadi, Elmi, Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclası keçirilib.
Oxu.Az xəbər verir ki, 2005-ci il 3 oktyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında İqtisadi, Elmi, Texniki və Mədəni Əməkdaşlıq üzrə Saziş”in müddəalarına uyğun olaraq keçirilən iclasda Azərbaycan tərəfini Hökumətlərarası Komissiyanın sədri, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, Latviyanı isə Hökumətlərarası Komissiyanın həmsədri, bu ölkənin nəqliyyat naziri Uldis Auqulisin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Azərbaycan və Latviya arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətinin müzakirə olunduğu iclasda tərəflər ölkələrinin hazırkı iqtisadi inkişafı barədə ümumi məlumat veriblər.
Görüşdə Azərbaycan və Latviyanın ikitərəfli əlaqələrinin ərazi bütövlüyü və bir-birlərinin suverenliyinə hörmət prinsiplərinə əsaslandığını bir daha bəyan edən nəqliyyat nazirləri Ziya Məmmədov və Uldis Auqulis, qarşılıqlı maraq kəsb edən sahələr və istiqamətlər üzrə iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi niyyətlərini ifadə ediblər.
Azərbaycana dəmir yolu hərəkət tərkibinin alışı və modernləşdirilməsi ilə bağlı planlaşdırılan satınalma barədə informasiya mübadiləsi edilməsini təklif edən Latviya tərəfi bildirib ki, “Rigas Vagonbüves Rüpnica” QSC əvvəlki əməkdaşlığı dəyərləndirmək və öz xidmətlərini təqdim etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Görüş zamanı Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Latviya tərəfinə məlumat verib ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan hər hansı mal və xidmətlərin Latviya bazarına idxalı, ixracı, satışı və realizə olunması, həmçinin Latiya şirkətlərinin bu ərazilərdə hər hansı iqtisadi fəliyyətlərdə iştirakı beynəlxalq hüquqa və Azərbaycanın qanunvericiliyinə əsasən qeyri-qanunidir.
Uldis Auqulis bir daha bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunmuş məhsullar Azərbaycanın müvafiq qurumlarının verdiyi mənşə sertifikatı olmadan Latviyaya buraxılmayacaq.
Latviyanın nəqliyyat naziri Uldis Auqulis həmçinin ölkəsinin Avropa və Asiyanı birləşdirən strateji rolunu vurğulayaraq, Azərbaycan sahibkarlarına (idxalçı, ixracatçı, yük sahibləri, nəqliyyat və logistika şirkətləri) Şimali Avropaya və əksinə yük daşımalarında Latviyanın nəqliyyat infrastrukturundan, həmçinin vergi imtiyazlarından və yeni istehsal mərkəzləri, anbarlar, terminallar, logistika və paylama mərkəzlərinin inkişafı üçün Azad Limanlarda və Latviyanın Xüsusi İqtisadi Zonalarında olan azad torpaq ərazilərindən istifadə etməyi təklif edib.
Tərəflər TRASEKA nəqliyyat dəhlizini Şimali Avropa ilə birləşdirən təbii əlaqə olan “ZUBR” konteyner qatarından istifadə etməklə Mərkəzi Asiya, Qafqaz və Qara Dəniz regionu arasında yük daşımalarında əməkdaşlıq potensialını vurğulayaraq, Qafqazla Qara Dəniz arasında yerüstü yük daşımalarında “Baltika Tranzit” konteyner qatarının istifadəsi imkanını qeyd ediblər.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yeniliklərlə bağlı, o cümlədən tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanı haqqında Latviya tərəfinə məlumat verib.
Tərəflər ticarət imkanlarını asanlaşdırmaq məqsədilə beynəlxalq yük və sərnişin daşımaları üzrə peşəkar sürücülər üçün giriş-çıxış vizalarının sadələşdirilməsi imkanlarının araşdırılması barədə razılığa gəliblər.
Görüşdə Azərbaycan Respublikası və Latviya Respublikası arasında İqtisadi, Elmi, Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeddinci iclasının diplomatik kanallarla razılaşdırılacaq vaxtda Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.
İclasın sonunda qəbul olunmuş Protokol Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis tərəfindən imzalanıb.
Mənbə:> Oxu.Az