Mikayıl Cabbarov: Mükəmməl təhsil indi əvvəlkindən daha çox lazımdır
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri münasibəti ilə bütün məzunları təbrik edib.
Oxu.Az-ın məlumatına görə təbrikdə deyilir:
“Siz 11 il ərzində vacib həyat mərhələsi keçmisiniz. Sizin qarşınızda açılacaq çoxsaylı yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Həyatda inamlı addımlarınız təkcə sizin uğur hekayəniz deyil, həm də istiqlalının 25 illiyini bu il qeyd edəcəyimiz Azərbaycanın inkişafına verəcəyiniz töhfə olacaq.
Siz zamanın heç vaxt bu qədər sürətli olmadığı bir dövrdə yaşayırsınız. Zamanın bu sürətini nəzərə almaqla, siz çevik qərarvermə, hədəflərini doğru seçmək vərdişlərinə sahib olmalısınız.
Bir də zamanın yeni sürəti ilə gələcək peşə fəaliyyətinizi əlaqələndirə bilməlisiniz. Nəzərə almalısınız ki, gələcəkdə indiyə qədər mövcud olmayan yeni ixtisaslar, peşələr sizi gözləyir. Bu, sizin həm şansınız, həm də növbəti təhsil pilləsində vacib missiyanızdır. Zamanın çağırışı budur ki, mükəmməl təhsil indi əvvəlkindən daha çox lazımdır”.
Hər birinizə yeni həyat pilləsində uğurlar arzulayıram!”-deyə nazir qeyd edib.
Mənbə:> Oxu.Az