Bakının mərkəzi küçələrində sıxlıq müşahidə olunur
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətində nisbi sıxlıq müşahidə edilir.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
NİİM sıxlığın yaranma səbəbini bu gün gecə saatlarından başlayaraq Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlə əlaqələndirib.
Belə ki, bu gün gecə saatlarından “Formula-1” yarışı ilə əlaqədar Azadlıq meydanından başlayaraq A.Puşkin, Xaqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən yolayırıclarında avtomobillərin hərəkəti üçün məhdudiyyət tətbiq olunub.
Bunun nəticəsində mərkəzi küçə və prospektlərdə, əsasən, “Formula-1” yarış trekinin ətrafında olan yollarda sıxlıq müşahidə olunur:
“Hazırda Rəşid Behbudov, Dilarə Əliyeva, 28 May, Üzeyir Hacıbəyov, Yüsif Səfərov küçəsində, bundan əlavə, Heydər Əliyev prospektinə digər yollardan giriş hissəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb”, – mərkəz məlumat yayıb.
Xatırladaq ki, iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində “Formula-1” üzrə Avropa Qran Prisi keçiriləcək.
Mənbə:> Oxu.Az - Elvin Əhmədov