“ASAN Viza” vasitəsilə elektron vizaların verilməsi qaydaları açıqlandı
Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydaları açıqlanıb.
Oxu.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə Miqrasiya Məcəlləsinə yeni maddələr əlavə edilir.
Məcəlləyə təklif edilən yeni 37.12-ci maddəyə görə, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası Məcəllənin 38-ci maddəsi ilə müəyyən olunur.
Məcəllənin 38-ci maddəsi isə əlavədən irəli gələrək dəyişdirilərək başqa formatda verilir və yeni qaydaları təsbit edir.
Qaydalar belədir:
- Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
- “ASAN Viza” sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir.
- Elektron vizanın siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.
- Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra Azərbaycanın “Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidir.
- “ASAN Viza” sistemi elektron viza alınması üçün daxil olmuş elektron müraciəti real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə göndərir.
- Müvafiq icra hakimiyyəti orqanı müraciətin “ASAN Viza” sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyini alır.
- Elektron vizanın verilməsi barədə müraciətə bu Məcəllənin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada baxılır, viza rəsmiləşdirilərək “ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və ya viza verilməsindən imtina edildikdə bu barədə məlumat verilir.
- Elektron viza pasporta yapışdırılmır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə birgə təqdim olunur.
Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.
Bu barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürülür.
- Bu Məcəllənin 16.1-ci maddəsində (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlməyi qadağan edən hallar - qeyd olunan maddədə bu sıra ilə göstərilib) nəzərdə tutulmuş hallarda elektron viza verilməsi haqqında müraciət rədd edilir, verilmiş viza ləğv edilir və şəxs ölkəyə buraxılmır. Təkrar müraciətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
- Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikası ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması müraciət edə bilərlər.
Keçid müddəası: Bu Məcəllədə nəzərdə tutulmuş “ASAN Viza” sistemi fəaliyyətə başlayanadək turistlərə turizm şirkətləri vasitəsi ilə elektron vizaların verilməsinin mövcud sistemi öz fəaliyyətini davam etdirir.
Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il iyunun 1-də elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.
Mənbə:> Oxu.Az