ABŞ-da hərbi məktəbdə müsəlman qıza hicab geyinməyə icazə vermədilər
ABŞ-ın Çarlstoun şəhərindəki (Cənubi Karolina ştatı) hərbi məktəb müsəlman tələbəyə hicab geyinməyə icazə verməyib.
Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, gənc qızın ailəsi mübahisəni məhkəmə vasitəsi ilə həll etmək niyyətindədir.
Nüfuzlu Citadel hərbi kollecinin rəhbərliyi ötən ay məktəbə daxil olan müsəlman qızdan hicab geyinməyə icazə üçün sorğu alıb. Lakin məktəbin idarəetmə heyəti kadetlərin xarici görünüşündə istisnaların mümkün olmadığını bildirib. Kollecin bütün tələbələri xüsusi forma geyinirlər.
“Kollecin vacib prinsiplərindən biri kadetlərin xarici görünüşüdür”, - məktəbin direktoru Con Ros deyib.
Adı açıqlanmayan müsəlman qızın ailəsi övladlarının belə şəraitdə kollecdə təhsil ala bilməyəcəyini bildirib. Onlar bu məsələyə insan haqları çərçivəsində baxırlar. Mübahisə məhkəmə iclasında həll edilə bilər.
Mənbə:> Oxu.Az