Beyləqanda rəzalət: icra başçısı tualetin açılışı mərasimində – FOTO
Hər şeyi görmüşdük, təkcə bu qalmışdı - tualetin açılış mərasimi. Onu da Beyləqanda gördük.
Qaynarinfo.az xəbər verir ki, bu günlərdə Beyləqan rayon 1 və 4 nömrəli tam orta məktəbinin tualeti təmir olunaraq, "Avropa standartları" səviyyəsinə gətirilib. Rayon rəhbərliyi və Təhsil Şöbəsi bu "möhtəşəm hadisə"dən necə cuşa gəlibsə, tualetin rəsmi açılış mərasimini keçirmək qərarına gəliblər.
Rayonun icra başçısı Vaqif Abdullayevin, Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun və digər rəsmi şəxslərin qatıldığı mərasimdə məktəblərin müəllim və şagird heyəti də iştirak edib. Və açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi də qatılıb. Axı tualetin təmiri Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilib.
Ən dəhşətlisi isə odur ki, açılış mərasimində Azərbaycan bayraqları qaldırılıb, qırmızı lent kəsilib. Tam dəqiqləşməmiş bəzi məlumatlara görə isə hətta dövlət himni səsləndirilib. Əgər belədirsə, bizə ancaq təəssüflənmək qalır...
Mənbə:> Qaynar.info