Bakıda qanunsuz tikinti işləri dayandırılıb
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) torpaq müfəttişləri tərəfindən növbəti dəfə Səbail, Abşeron və Xəzər rayonlarında torpaq reydləri və monitorinqləri aparılıb.
Bu barədə Komitədən Oxu.Az-a bildirilib.
Komitədən verilən məlumata görə, monitorinqlər nəticəsində Səbail rayonunda dövlət mülkiyyətində olan 23 hektar torpaq sahəsində qanunsuz olaraq və hüquqi əsası göstərən heç bir sənəd olmadan özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb.
Abşeron və Xəzər rayonlarında aparılan monitorinqlər zamanı məlum olub ki, müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qeyri-yaşayış və müxtəlif məqsədli ilkin tikinti işləri aparılıb.
“Abşeron rayonunda Novxanı və Mehdiabad qəsəbələrində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq obyektlərin inşasının qarşısı alınıb.
Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb”,- deyə komitədən bildirilib.
Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub.
Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib.
ƏMDK-dan bildirilib ki, komitə tərəfindən torpaqların hüquqi rejiminə uyğun istifadəsi ilə bağlı paralel olaraq respublikanın digər şəhər və rayonlarında da monitorinqlər aparılır.
“Qarşıdakı dövrdə belə pozuntuların baş verməməsi məqsədilə Komitə tərəfindən qabaqlayıcı tədbirlər davam etdiriləcəkdir”, - deyə komitə xəbərdarlıq edib.
Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin ediləcək.
Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb ediləcək.
Qeyd edək ki, 2016-cı ildə torpaq müfəttişləri tərəfindən respublikada 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilib.
Ümumilikdə isə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı indiyədək 929 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230 halla bağlı inzibati protokol tərtib edilib.
170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli