Avtobus sürücüləri üçün yeni qayda
Azərbaycanda "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" təsdiq edilib.
Oxu.Az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qaydalar ölkədaxili avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejimini müəyyən edir.
Qaydalara əsasən, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədi ilə sərnişin və yük avtonəqliyyat vasitələrinin tipi təsdiq edilərək, ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir və yoxlamadan keçirilmiş taxoqrafla təchiz olunur.
Qaydalara əsasən, sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir.
Daxili intizam qaydaları və iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı iş vaxtının başlanma anı, avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görülüb başa çatdırıldığı an isə iş vaxtının bitmə anı hesab olunur.
Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.
Mənbə:> Oxu.Az