Somalidə öldürülən Azərbaycan vətəndaşının cənazəsi İstanbula aparılır – FOTO
“Somalidə törədilən terror aktı nəticəsində həlak olan Türkiyə və Azərbaycan vətəndaşlarının cənazələri sabah Türkiyəyə göndəriləcək. Azərbaycan vətəndaşı Kəmalə İsmayılovanın nəşi İstanbuldan Bakıya göndəriləcək”.
AzNews.info-nun xəbərinə görə, bu barədə APA-ya K. İsmayılovanın qohumları məlumat veriblər.
Onların sözlərinə görə, mikroavtobusa hücum nəticəsində yaralanan K. İsmayılovanın övladları - 11 yaşlı Nihadla 10 yaşlı Nicat Moqadişodakı xəstəxanalardan birində əməliyyat olunublar.
Ağır xəsarət alan qardaşların vəziyyəti normaldır. Onların müalicəsi Türkiyədə davam etdiriləcək.
“Hadisə barədə məlumat alan zaman koma vəziyyətinə düşən ailə başçısı Əflatun İsmayılov da hazırda Moqadişoda xəstəxanasındadır”, - deyə mərhumun yaxınları bildiriblər.
Ə. İsmayılovun dayısı Tofiq Mikayılov və əmisi oğlu Zöhrab İsmayılov APA-nın yerli bürosuna bildiriblər ki, həkimlər onun ayılması üçün tədbirlər görürlər.
Mənbə:> APA