Peşəkar boksçu: “Haqsızlıqlara görə ölkəni tərk etdim, amma hələ də ümidliyəm ki…”
Peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu, 2001-ci ildə Gürcüstanda keçirilən yarışda Avroasiya çempionu olmuş Ağali Alışov AzNews.info saytına məktub göndərib. Məktubu sizə olduğu kimi təqdim edirik:
“Mən, Alışov Agali, peşəkar boksdan ilk azərbaycanlı Avropa çempionu olmağıma baxmayaraq, vətənimdə çox böyük haqsızlıqlarla üzləşmişəm. Haqımı istədiyim üçün mənə hədə-qorxu gəlib başıma oyunlar açdırlar.
Daima bacardığım qədər ölkəmin ictimai və mədəni həyatına öz töhfələrimi verməyə, gözəl əməllərimlə, idman karyeramla gənclərə nümunə olmağa çalışmışam. Öz madi və mənəvi gücümlə çıxıb döyüşdüyüm bütün yarışlarda doğma Azərbaycanımızı layiqincə təmsil edib bayrağımızı yüksəltmişəm. Çünki Vətən sevgisi elə bir hissdir ki, onun haqqında nə keçmiş, nə də gələcək zamanda danışmaq olmur. Bu hiss daima insanla bir yaşayır.
Peşəkar boksdan 2011-ci ildə Bakıda qarşımda çoxlu problemlər yaratmaqlarına baxmayaraq, öz gücümə EBA versiyasından Avropa çempionatlığını təşkil etdim və qalib gələrək ilk azərbaycanlı Avropa çempionu kimi tarix yazmış oldum. Bu yarışın Azərbaycanda keçirilməsinə şəxsən İdman Nazirliyi ve Boks Federasiyası icazə vermişdi. İctimai Televiziya isə döyüşümü – 12 raund bir başa yayımlamışdı.
Bu yarışı Vətənimdə keçirməyimdə isə heç bir maddi marağım olmayıb. Yarışlarımın keçirilməsində mənə daima dəstək olan sponsorlarım olub. Sadəcə Ukrayna dövlətində yaşamağıma baxmayaraq, fikrim ondan ibarət olub ki, belə bir döyüşü məhz öz doğma Vətənimdə keçirim. İstər qalib, istərsə də məğlub olduğum halda hislərimi məhz öz millətimlə bir yerdə yaşayım. Axı mən daima Azərbaycan üçün vuruşmuşam. Şükür Allaha ki, Allah qalib olmağı mənə nəsib edib.
Lakin 2014-cü ildə Ukraynada başlayan böhrandan sonra Vətənim Azərbaycana döndüm. İdman karyeramı davam etdirmək üçün dəfələrlə Boks fedarasiyasına, Gənclər və İdman Nazirliyinə həm yazılı, həm şifahi müraciətlər etdim. Cavab olaraq mənim kimi bir idmançını tanımadıqlarını hər dəfəsində mənə söylədilər.
Cənab prezidentə, Mehriban xanım Əliyevaya məktub yazacağımı, mətbuat konfransı keçirib bu məsələyə aydınlıq gətirəcəyimi bildirəndə bu azğınlaşmış “insanlar” mənə hədə-qorxu gələrək hər səfərində polis gücünə məni Gənclər və İdman Nazirliyindən uzaqlaşdırırdılar. Lakin mən bu işin sonuna çıxmağı qarşıma məqsəd qoymuşdum. Bir neçə gündən sonra yenidən Gənclər və İdman Nazirliyinə getdim. Bildirdim ki, jurnalistləri ora dəvət edib bu işi ictimailəşdirəcəm və səsimi ölkə başçısına çatdıracam. İlk öncə mənə “kimə istəyirsən, get, çatdır ,nə etmisən özün üçün etmisən. Get, hansı ölkədən gəlmisən orda da vuruş” dedilər.
Mən Azərbaycan vətəndaşı olduğumu bildirdim bu bisavadlara. Sonra isə gözləməyimi söylədilər. Mən isə gözləməli oldum. 10-15 dəqiqədən sonra haqqımı isdədiyim üçün gəlib məni apardılar Nərimanov polisinə. 3 saat saxlayıb buraxdılar.
Bundan sonra dəfələrlə ölkə başçısına bu cür haqsızlıqlarla üzləşdiyim haqda məktublar və teleqramalar vurdum. Nəticədə heç birinə cavab almadım. Getdim prezident aparatına və Gənclər və İdman Nazirliyindəki vəziyyət orda da başıma gətirildi. Bir neçə daxili nömrəyə zəng vurdum. Sonuncu dəstəyi götürən “insana” problemlərimi danışmağa başladım. Bu “insan” biraz qulaq asandan sonra mənə “bura idman nazirliyi deyil” dedi. Mənsə idman nazirliyində şikayətimə baxılmadığı ücün cənab prezidentə müraciət etmək istəyimi bildirdim. Bu adam sanki küçədə biri ilə danışırmış kimi “başın bədəninə ağırlıq etməsin” dedi. Sonra məni 4 nəfər polis patrul maşını ilə apardı Nəsimi polisinə. Əmin idim ki, bu məktubların heç biri cənab prezidentə çatdırılmayıb. Bunu cənab prezident özü də dəfələrlə vurğulayıb ki, işcilərim məni aladır və məlumatları məndən gizlədir. İdmana qayğı göstərən prezidentimiz inanıram ki, məktublarımı alsa idi bu işi yoluna qoyacaqdı.
Öz Vətənimdə bu cür haqsızlıqla üzləşməyim mənə çox pis təsir etmişdir. Belə davranış məni çox üzdü. Doğma Vətənimdə özümü yad hiss edirdim. Axı mən öz Vətənim haqda başqa düşüncələrdə idim. Ölkə başçısına səsimi catdırmağın yollarını axtarırdım. Qərara gəldim ki, çıxım Koroğlu körpüsünün üstünə, İdmana aidiyyatı olan bütün qurum işçilərini və jurnalistləri ora dəvət edib bu işə aydınlıq gətirim. Nədən mənə bu cür davrandıqlarını bilim. Lakin bu cəhdim də baş tutmadı. Koroğlu metrostansiyasında olan körpünün üstündəki polislər tərəfindən saxlanılıb Bakı Şəhər Baş Polis İdarəsinə aparıldım. Orda polislər məni dindirdikdən sonra özlərindən uydurdular ki, güya mənim pisxoloji problemlərim var və mən dəlixanada yatmalıyam. Bax, bu cür şərəfsizliyə əl atdılar.
Sağ olsunlar, tanışlar vastəsi ilə onların əlindən canımı qurtardım və ölkəni tərk elədim. Lakin əziz həmvətənlərim, bu yaxınlarda Almaniya dövlətində idman müqaviləsi bağladım və bundan sonra karyeramı Almaniya bayrağı altında davam etdirəcəm. Belə bir şansı mənə verdiyi ücün Alamniya dövlətinə öz böyük minnətdarlığımı bildirirəm və söz verirəm ki, bacardığım qədər çalışıb bundan sonra Almaniya dövlətini layiqincə təmsil edəcəm. Bəlkə də çoxları atdığım bu addıma görə məni qınayacaq, ancaq peşəkar boksdan ilk azərbaycanlı Avropa çempionu olmağıma baxmayaraq karyeramı izləyən insanlar mənim doğma Vətənim Azerbaycanda son vaxtlar başıma açılan oyunlardan xəbərdardılar.
Harda olmağıma baxmayaraq qəlbim hər zaman Azərbaycan üçün döyünüb və bundan sonra da döyünəcək. Bacardığım qədər yenə də həmişə olduğu kimi gənclərə nümunə olmağa və əlimdən gələn köməkliyi etməyə calışacam. Mən qəlbimdə Azərbaycanlıyam və bununla da fəxr edirəm. Lakin hələ də ümidliyəm ki, cənab prezident yazılarıma cavab verəcək.”
Qeyd edək ki, Ağali Alışov, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının “bayrağını” cırdığına görə aldığı güllə yarası səbəbindən Ukraynaya köçmüş və bir müddət orada yaşamışdır. 27 döyüş keçirmiş və onların 22-ni qələbə ilə başa vurmuşdur. 2013-cü ildə 6 raundluq döyüşdə Ermənistan boksçusuna qalib gəlmişdir.
AzNews.info olaraq bildiririk ki, məktubda adı keçən qurumların mövqeyini də dərc etməyə hazırıq.
Mənbə:> AzNews.info