Nəqliyyat müfəttişləri qovuldu
Ötən il Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin 31 müfəttişi işdən qovulub. Bu barədə İdarənin Bakı regional şöbəsinin rəis müavini Əmrah Cəfərov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qurumun işçilərinin çoxu vətəndaşlarla kobud rəftarına görə işdən qovulub.
“Bəzi əməkdaşlar vəzifədən sui-istifadə ediblər. Bəziləri vətəndaşları aldadaraq, onlardan pul alıblar. Rüşvət tələb edənlər də olub. Korrupsiya meylliyilə əlaqədar olaraq 9 nəfər isə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilib. Onların hər biri barədə qanun çərçivəsində qərarlar qəbul edilib”, - deyə Əmrah Cəfərov bildirib.
Hazırda nəqliyyat müfəttişlərinin yoxlanılması istiqamətində xüsusi reydlər keçirilir. Reydlər zamanı vəzifəsindən sui-istifadə edən müfəttişlər barədə qanun çərçivəsində tədbirlər görüləcək.
“Heç bir halda nəqliyyat vasitəsinin nömrə nişanını açmaq olmaz. Bununla bağlı nəqliyyat nazirinin müvafiq sərəncamı var. Bu sərəncamı pozan istənilən əməkdaş işdən qovulacaq və barəsində tədbirlər görüləcək”.
Mənbə:> ANSPRESS