Rus soyğunçular İstanbulda – Lüks villalarda oğurluq edənlər onlar imiş
İstanbulda son illər lüks villalarda edilən soyğunçuluq hadisələrinin ruslardan ibarət cinayətkar qrup tərəfindən törədildiyi güman edilir.
ATV.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul Təhlükəsizlik İdarəsi son bir neçə ildə baş verən oğurluq hadisələrini yenidən araşdırmağa və diqqətdə saxlamağa başlayıb.
Beykoz rayonunda yanvarın 29-da bir çox məşhurların yaşadığı lüks villalardan birinə üzü maskalı 5 oğru girərək evin sahibi Nesrin və oğlu Fıratın əlini bağlayıb. Soyğunçular polad seyfdəki 4 min dollar, 2300 lirə və 10 ədəd bahalı qol saatını götürüb, daha sonra ev sahibinin “Cip”i ilə oradan qaçıblar. Oğurlanan “Cip” daha sonra tərk edilmiş halda tapılıb. Ev sahibləri soyğunçuların rus dilində, birinin isə türkcə danışdığını deyib.
İstanbulun Sarıyer rayonunda 2009-cu ilin noyabrında baş verən digər hadisədə isə 3 mərtəbəli villaya girən 5 maskalı şəxs əllərindəki kəsici alətlə Əhməd İ. adlı şəxsi və onun həyat yoldaşını qorxudaraq 600 min lirə dəyərindəki qızılları götürərək qaçıblar. Ev sahibləri polisə açıqlamasında oğruların rus dilində danışdığını bildiriblər.
Bu hadisədən 6 ay sonra isə müğənni Faruk Tınazın Yeniköydəki villasına 6 nəfər maskalı şəxs oğurluğa girib. Onlar müğənnini həyat yoldaşı Canan Tınazın gözü qarşısında döyərək xəstəxanalıq ediblər. Daha sonra seyfdə olan 700 min dollar və qızılları götürərək qaçıblar. Onların da rus dilində danışdığı bildirilib.
2014-cü ilin mayında isə Beşiktaşda villaya girən 4 soyğunçu ev sahibinin və anasının əlini bağlayaraq oğurluq edib. Rus dilində danışan oğrular 200 min lirə pulu və zinət əşyalarını götürərək qaçıblar.
Mənbə:> ATV.az