Qaradağda daş karxanasında fəhlə diri-diri yandı
Cinayət işi açılıb.
Bakıda daş karxanasında yanğın baş verib.
Baş Prokurorluğdan Oxu.Az-a daxil olan məlumata görə, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş vermiş və həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, “Kristal” MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.
Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, hadisə yerindən maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.
Mənbə:> Oxu.Az