Yol polisindən BAYRAM XƏBƏRDARLIĞI
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərinin istirahət günü olması ilə əlaqədar nəqliyyat vasitələrinin rayonlara hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev paytaxtdan rayonlara səfər edən sürücüləri diqqətli olmağa çağırıb:
“Sürücülər yolun enişli-yoxuşlu olmasını nəzərə alaraq, sürət həddini nəzərə alsınlar, ötmə əməliyyatlarını düzgün seçsinlər və avtomobillərini sərxoş vəziyyətdə idarə etməkdən uzaq dursunlar”.
K.Əliyev həmçinin qeyd edib ki, Dövlət Yol Polisi respublika ərazisində reydləri davam etdirir:
“Bayram günləri yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Respublika üzrə reydlərimiz davam etdirilir”.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycanda 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərində qeyri-iş günü elan edilib.
Mənbə:> Oxu.Az