Bayram günləri polis gücləndirilmiş iş rejimində çalışacaq
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq.
Bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.
Əmrdə, həmçinin respublikanın avtomobil yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə Dövlət Yol Polisinə zəruri tapşırıqlar verilib.
Mənbə:> Oxu.Az