Azərbaycan polisi gücləndirilmiş rejimdə işləyəcək
Post-patrul xidməti naryadlarının sayı artırılacaq.
Ramazan bayramı münasibətilə Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Ramazan bayramı ilə bağlı polis iyulun 17-dən 21-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Əmrə əsasən bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
Mənbə:> Oxu.Az