Gözəllik müsabiqəsindəki təmsilçimiz erməni rəqibindən danışdı – FOTO
Xəbər verdiyimiz kimi dekabrın 4-dən 19-dək Almaniyanın Maqdeburq şəhərində keçirilən “Miss İntercontinental 2015” beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanı Nigar İbrahimova təmsil edəcək.
Dekabrın 4-dən Almaniyada olan təmsilçimizin Oxu.Az-a verdiyi məlumata görə, finala hazırlıq tam sürətlə davam edir:
“Öz üzərimizdə çox işləyirik. Axırıncı üç gün bütün günü məşqdə olduq”.
Daha sonra Nigara oxucularımızı maraqlandıran bir neçə sual ünvanladıq.
- İştirakçılar Azərbaycan haqqında nə dərəcədə məlumatıdırlar? Azərbaycan xanımları barəsində nə düşünürlər?
- Ölkəmizi tanıyanlar da, tanımayanlar da var. Bizə qonşu olan ölkələr- Rusiya, Gürcüstan, Türkiyə təmsilçiləri mentalitetimizi və xanımlarımızı çox bəyənirlər. Söyləyirlər ki, onlarla bizim aramızda çox oxşarlıq var. Digər bir neçə ölkənin təmsilçiləri hətta Azərbaycana qonaq gəlmək istəyirlər.
- Təmsilçilər arasında münasibət necədir? Hələ ki gərgin mübahisə edənlər olmayıb?
- Burada hamı bir-birinə qarşı mehriban olmağa, dost münasibətləri qurmağa çalışır, nəinki dava etmək. Söz-söhbət olanda isə bunu göstərməməyə, büruzə verməməyə cəhd edirlər.
Nigardan erməni təmsilçi barəsində də soruşduq:
“Bir-birimizlə işimiz yoxdur. O qədər də üz-üzə gəmirik.”
- Almaniyadan Azərbaycana çatdırmaq istədiyiniz sözlər varmı?
- Dəstəyə görə hər kəsə təşəkkürümü bilidirirəm. Xüsusilə, sizə minnətdaram.
Qeyd edək ki, sözügedən yarışmada 65 ölkənin təmsilçisi iştirak edəcək. Final dekabrın 18-də baş tutacaq.
Nəzərinizə çatdırırıq ki, müsabiqənin təşkilatçıları onlayn səsvermə keçirirlər.
Təmsilçimizə və bəyəndiyiniz digər iştirakçıya səs vermək üçün www.pageantvote.net/pageants/363 linkinə daxil olaraq səs verə bilərsiniz.
Mənbə:> Oxu.Az