“Günəşli”də son vəziyyət
“Günəşli”dəki 10 saylı dərin dəniz özülü ətrafında ekoloji vəziyyət nəzarət altındadır.
Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə dekabrın 4-də qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssislərindən ibarət yaradılmış birgə işçi qrupunun həyata keçirdiyi tədbirlər planı çərçivəsində əraziyə əlavə olaraq xüsusi təchiz edilmiş 6 gəmi cəlb olunub, onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq üçün xüsusi bonları su səthinə düzüb.
Bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəslə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınır.
Xatırladaq ki, dünya təcrübəsində dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə əsasən iki tip - optik və radar peyk təsvirlərindən geniş istifadə olunur. Dekabrın 8-də “Günəşli” yatağı və onun ətrafının peyk çəkilişləri aparılıb və yataq ətrafında neft ləkələri müşahidə olunmayıb. Qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, çəkilmiş şəkillər olan ərazilər “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizinin radar tipli peyk təsvirlərini analiz edərək, “Günəşli” yatağı və “Neft Daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələrin müşahidə edilmədiyini təsdiqləyib. Görülən işlər sübut edir ki, “Günəşli” yatağındakı qəza nəticəsində baş verə biləcək istənilən ekoloji fəsadın və ərazinin ekoloji durumuna mənfi təsir edə biləcək hadisələrin qarşısı alınacaq.
Mənbə:> Oxu.Az