Külək Bakı ətrafını işıqsız qoydu – 12 saatdan çoxdur
Dünən axşam baş verən güclü küləyə görə Bakı və Abşeron ərazisininin bir çox qəsəbə və kəndləri işıqsız qalıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı redaksiyamıza xeyli sayda şikayət daxil olub. Yasamal rayonu, “Qanlı göl”ün sağ sahilində yaşayan sakinlərin sözlərinə görə ərazidə axşam saat 9-dan səhər saat 10-un yarısına kimi işıq olmayıb: “Demişdilər ki, bütün hazırlıqlar görülüb, Bakı qışa tam hazırdır. Hələ nə qar var, nə çovğun. Bir külək əsən kimi işıqsız qaldıq. 360 ailənin gecədən səhərə kimi işığı olmayıb”.
Bundan başqa, Məhəmmədi, Masazır qəsəbələrində, Xırdalan şəhərinin bəzi yerlərində, binəqədi qəsəbəsində, o cümlədən paytaxtın bəzi hissələrində işıq ya verilməyib, ya da çox zəif və fasilələrlə verilib.
“Qafqazinfo” məsələ ilə əlaqədar olaraq “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, sözügedən ərazilərdə güclü külək olduğu üçün işıq xətlərində problem yaşanıb. Artıq problem aradan qaldırılaraq elektrik enerjisi bərpa olunub.
Mətbuat katibi “Qanlı göl” sahilində işığın kəsilməsi ilə bağlı araşdırma aparılıb yaxın zamanda məlumat veriləcəyini bildirib.
Mənbə:> Qafqazinfo.az