Polis olmaq istəyənlərin nəzərinə
Dekabr ayının 9-da saat 9.00-da, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında sıra baxışı keçiriləcək.
Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, uyğun olaraq yaşı 20 ilə 25 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə elan edilir.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.
Mənbə:> Oxu.Az