Azərbaycanlı gənc yeni avtomobil modeli hazırladı – VİDEO+FOTO
Azərbaycanlı gənc Ramil Nəcəfov AZERANT adlı avtomobil modelinin dizaynını hazırlayıb və onu gələn il Bakıda keçiriləcək “Formula 1” yarışlarında təqdim etmək istəyir.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Ramil 1992-ci ildə Şəki şəhərində anadan olub. Hazırda Türkiyənin Sparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə təhsil alır.
Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. Ramil konserndə işə qəbul olunmaq üçün CV göndərsə də, qarşısına Avropa təhsili almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib.
Buna görə də Türkiyədə dizayn ixtisası üzrə qiyabi təhsil almağa qərar verib. Gənc dizayner söhbət zamanı bildirdi ki, öz eskizlərini “Audi”, “Mercedes” kimi avtomobil şirkətlərinə də göndərib.
Məşhur avtomobil şirkətləri onun eskizlərinə biganə qalmayıblar. Lakin müvafiq təhsilin və iş təcrübəsinin olmaması yenə də onun qarşısını kəsib.
Buna baxmayaraq, Ramil ruhdan düşməyib. Gələn il Bakıda keçiriləcək “Formula 1” yarışı onu yeni işlərə həvəsləndirib.
Gənc dizayner müəllif hüququ almaq üçün AZERANT layihəsinin eskizini Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə təqdim edib.
Onun ən böyük arzusu Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır.
Post by aznews.info.
Mənbə:> AzərTAc