Astara su altında – VİDEO+FOTO
İntensiv yağan güclü yağış nəticəsində Astarada 150-dən çox fərdi yaşayış evinin həyətini su basıb.
AzNews.info xəbər verir ki, bunu Report-a Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Mahmudov deyib.
A.Mahmudovun sözlərinə görə, son üç gün ərzində rayon ərazisinə aylıq normadan artıq yağıntının düşməsi nəticəsində belə bir vəziyyət yaranıb:
“Dağlardan aşağı istiqamətdə axan yağıntı suları şəhərin nisbətən çökək ərazilərində toplanıb. Heydər Əliyev prospekti, Nəriman Nərimanov, Azadlıq küçələri və bu ərazidəki onlarla yaşayış evlərinin sakinləri üçün problemlər yaradıb”.
İcra başçısnın müavini qeyd edib ki, həyətlərə dolan suyun səviyyəsi müxtəlif yerlərdə 40-70 sm arası dəyişir:
“Sakinlərə zəruri yardımların göstərilməsi istiqamətində tədbirlər görülür. Mümkün olan ərazilərdə həyətlərdən su nasoslarla kənara vurulur. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri lazımi tədbirlər görürlər”.
Nəriman Nərimanov küçəsinin sakinləri isə bildiriblər ki, sel İran tərəfindən gəlib. Onlar qeyd ediblər ki, ərazidən keçən çayda suyun səviyyəsi artıb:
“Vaxtında sel sularının qarşısını almaq üçün bəndlər qoyulsaydı və ya çayın aşağıya axın istiqaməti qazılsaydı vəziyyət bu həddə çatmazdı”.
Mənbə:> Report.az