Bəs qırmızı, göy, qara taksilər necə olsun?!
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni təsdiq etdiyi “Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartına əsasən taksilərin rəngi, onların xarici və daxili görkəmi ilə bağlı bəzi detallara olan tələblər yenilənib.
Belə ki, yeni standartların tələbinə görə, taksinin rəngi ağ, sarı, ya da bənövşəyi rəngdə olmalı, avtomobilin hər iki tərəfdən yan hissəsində ön və arxa qapını əhatə edəcək şəkildə şahmat taxtası üslubunda ağ-qara, ya da sarı-qara rəngli fərqləndirici nişan olmalıdır.
Bundan başqa avtomobilin damında “Taksi” nişanı olan fənər də olmalıdır.
Bəs taksi sürücüləri bu yeni standartlardan xəbərdardırmı? Bu yeniliyə münasibətləri necədir?
Virtualaz.org saytının reportyorları bu suallara cavab almaq üçün taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə söhbətləşib.
Onlar bəzi tələblərin siyahıdan çıxarılmasından razı olsalar da yeniliklərin bir qismi onların işini çətinləşdirir.
Belə ki, taksi sürücülərinin sözlərinə görə, maşının xarici görkəmi və daxildəki dəyişikliklər, məsələn, taksometrin quraşdırılması əlavə pul tələb edir.
“28 may” metrostansiyası yaxınlığında dayanan taksilərdən birinin sürücüsü deyir: “Maşının rəngini dəyişmək, üstünə qara-sarı, ağ-qara “polosa”nın vurulması, taksometr quraşdırmaq, standartların bütün tələblərini yerinə yetirmək bizə ən azı 500 manata başa gələcək. Onu kim verəcək bizim yerimizə? Əgər dövlət desə ki ver maşını mən tələblərə uyğun hazırlayıb verirəm, onda əla olar. Amma öz cibimizdən xərcləmək heç cür sərf eləmir”.
Sürücülərin etirazına səbəb olan məsələ tək bu da deyil. Məsələnin problem yaradan digər tərəfi şəxsi maşını ilə taksi fəaliyyəti göstərənlərin maşını taksi kimi bəzəmək məcburiyyətində olmasıdır.
“Mən bu maşında işdən kənar öz ailəmi ora-bura aparıram, toya-şənliyə gedirəm. İndi sarı “polosa” ilə gedim? Ayıb deyil? Üstündə taksi bəzəyi ilə maşında ailəmi necə aparım?” - deyə adını açıqlamayan taksi sürücüsü bildirir.
Taksi sürücüləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi yeni standartlardan xəbərdar olsalar da bu tələblərin yaradacağı əlavə problemlərdən narahatdırlar.
Taksi sürücüləri ilə söhbətimiz zamanı “London taksiləri”nin sürücüləri də dərdini danışdı. Sürücülər deyir ki, hazırda qarajlarda çoxlu sayda belə taksi qalmağına baxmayaraq heç kim onları sürmək istəmir. Çünki tələb olunan planı vermək çox çətindir.
“Gündəlik 40 manat plan qoyublar, yanacaq pulu da bizlikdir. Hər gün səhər 6-dan gecə 12-yə qədər işləyirəm. Elə gün olur ki, özümə siqaret pulu güclə çatır. Ailə də var axı, ona da pul aparmaq lazımdır. Planı bir az azaltsalar o qədər maşın qarajlarda yatıb qalmaz” - deyə taksi sürücüsü gileylənir.
...Göründüyü kimi, taksi sürücülərinin onsuz da çox olan problemlərinin üstünə biri də əlavə olunub. Ona “standart problemi” də demək olar. Görək necə həll olunacaq...
Mənbə:> Virtualaz.org